Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan Azərbaycanın Cermuk (İstisu) istiqamətində və Şikahox (Şıxovuz) ərazisində meşələri qırması ilə bağlı səsləndirilən uydurma iddialara münasibət bildirib.
Musavat.com xəbər verir ki, nazir BMT-nin Bioloji Müxtəliflik üzrə COP17 forumunun ilk həftəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında bu barədə danışıb.
Matevosyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasından sonra hər iki ölkə birgə ətraf mühitin mühafizəsi proqramlarının həyata keçirilməsi üçün beynəlxalq maliyyə mənbələrinə müraciət etmək imkanı qazanacaq.
Nazirin sözlərinə görə, bütün ekoloji problemlər qınanmağa layiqdir və bu məsələlər konkret ölkələrlə məhdudlaşmır.
“Təbiət sərhəd tanımır”, – deyə Matevosyan vurğulayıb.
Bir daha qeyd edirik ki, bu gün Azərbaycanı guya “meşələrin qırılmasında” ittiham edən həmin erməni tərəfi 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb, təbii sərvətlərini talayıb, meşələrini qırıb, ekologiyasına ağır zərbələr vurub.
Bütün bunlar dünyanın gözü qarşısında baş verib. BBC, CNN kimi dünyanın aparıcı telekanallarında da ermənilərin Azərbaycan torpaqlarını tərk edərkən törətdikləri dağıntılarla bağlı görüntülər yayımlanıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb.
Həmin dövrdə xüsusilə Kəlbəcəri tərk edən ermənilərin törətdikləri vandalizm bütün dünyanın gözü qarşısında baş verirdi. Onlar evlərini və digər tikililəri vəhşicəsinə söküb aparır, sökə bilmədiklərini isə yandırırdılar. Ağacları son ana qədər kəsib aparmağı özlərinə “qənimət” bilirdilər.
Hətta ermənilərin işğal altında saxladıqları ərazilərdən çıxarkən özləri ilə unitazlarını belə aparmaları barədə görüntülər və məlumatlar bütün dünyada yayılmışdı.
Bu gün Azərbaycanı ittiham edən həmin vandallar dönüb öz keçmişlərinə baxsınlar. Bu ekologiya düşmənləri, ekologiya canavarları vaxtilə Azərbaycan torpaqlarında ağaclardan belə qisas alırdılar. Meşələri qırır, ağacları kəsir, təbiəti məhv edir, indi isə Azərbaycana böhtan yağdırırlar.
30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, təbii sərvətlərini talayan, hətta qəbirlərə qədər dağıdanlar bu gün Azərbaycana qarşı “təbiətsevər” kimi çıxış edirlər.
Kəlbəcərdə evlərin sökülməsi, yandırılması, ağacların kəsilməsi, insanların özləri ilə apara bilmədikləri əmlakı məhv etməsi barədə faktlar və görüntülər mövcuddur. Bütün bunlar dünyanın gözü qarşısında baş verirdi.
Bu gün Azərbaycana qarşı meşələrin qırılması ittihamını səsləndirən həmin “gəmiricilər” unutmamalıdır ki, işğal dövründə Azərbaycan təbiətinə vurulan ağır zərbələr, meşələrin məhv edilməsi və təbii sərvətlərin talanması hələ də yaddaşlardadır.
