“Niderlandın Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasındakı roluna verdiyi yüksək qiymət Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından mühüm siyasi mesajdır”.
Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva deyib.
O bildirib ki, bu yanaşma Azərbaycanın regional məsələlərdə artan diplomatik çəkisini və Avropa üçün etibarlı tərəfdaş kimi əhəmiyyətini ön plana çıxarır: “Niderland kimi Avropa İttifaqının qurucu üzvlərindən biri ilə siyasi dialoqun inkişafı digər üzv dövlətlərlə münasibətlərə də müsbət təsir göstərir. Xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika əlaqələri və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Bununla yanaşı, Azərbaycanın böhranlı şəraitdə xarici ölkə vətəndaşlarının təhlükəsiz təxliyəsinə verdiyi dəstək ölkəmizin etibarlı humanitar və tranzit tərəfdaşı olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Prezident İlham Əliyevin qəbulunda olarkən bu məsələyə xüsusi diqqət ayrıldı. Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirdi”.
Parlament təmsilçisi onu da qeyd edib ki, Niderlandla əməkdaşlığın dərinləşməsi Avropa ilə münasibətlərin daha geniş müstəvidə inkişafına töhfə verir: “Yəni, Bakı ilə Amsterdam arasında dialoqun güclənməsi Azərbaycanın Avropanın enerji, nəqliyyat və regional təhlükəsizlik gündəliyindəki mövqeyini möhkəmləndirmək üçün əlavə imkanlar yaradır”.
Cavanşir Abbaslı
