Çərşənbə axşamı, 27 Oktyabr 2026
Son dəqiqə
Siyasət

“Qardaş qardaşdır, amma Azərbaycanın qırmızı xətləri var” – Professordan SƏRT MESAJ  

“Doğmaca qardaşsan, qardaş kimi də qalmalısan. Bununla belə, qırmızı xətlər var və Azərbaycan bu xətləri heç kimə güzəştə getməyəcək – nə Qərbə, nə Şimala, nə Cənuba, nə Şərqə, nə İsrailə, nə Qazaxıstana, nə Özbəkistana, nə də Türkiyənin özünə. Çünki qardaş qardaşdır, amma hər bir dövlətin öz qırmızı xətləri, milli maraqları var”.

Bu sözləri Musavat.com-a açıqlamasında siyasi elmlər professoru Ramiz Yunus deyib. Professor qeyd edib ki, bu milli maraqlar, ilk növbədə, ölkənin coğrafi mövqeyindən və ətrafında cərəyan edən hadisələrdən asılıdır:

“Çox şadam ki, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, tərəflər strateji baxımdan süni yaradılmış fırtınaya əhəmiyyət vermədilər. Azərbaycan öz sözünü dedi, söz sahibi olduğunu göstərdi.

Xatırladım ki, Azərbaycan İsraillə Türkiyə arasında qondarma soyqırımı məsələsinə müdaxilə edərək öz söz sahibliyini və gücünü nümayiş etdirə bildi, İsrail isə bu məsələdə geri çəkildi. Əlbəttə, bu, həm Azərbaycan, həm Türkiyə, həm də ölkələrimiz arasındakı münasibətlər baxımından bir örnəkdir.

Bu baxımdan, İsrail Azərbaycanın münasibətlərini yüksək səviyyədə qurub saxlamaq istədiyi ölkələrdən biridir və Azərbaycan bunda maraqlıdır. İndiki məsələdə də gördüyünüz kimi, Türkiyə Prezidenti birbaşa Azərbaycan Prezidentinə zəng edərək onu yaxın vaxtlarda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət etdi.

Əlbəttə, bəzi qüvvələr bu prosesin baş tutmamasında maraqlıdırlar və buna görə də yaranmış vəziyyətdən fürsət kimi istifadə etməyə çalışdılar. Amma  nə Azərbaycan, nə də Türkiyə buna imkan vermədi. Türkiyə Prezidentinin Azərbaycan Prezidentinə zəng etməsi də bunun təsdiqidir.

Azərbaycan bundan əvvəl də bu addımın əleyhinə çıxanlara qarşı mövqeyini ortaya qoymuş, onların Azərbaycana gəliş-gedişinə məhdudiyyət tətbiq etmişdi. İndiki hadisələrin başlanğıcında isə Türkiyənin müşaviri dayanır. Cəmiyyətdə söz-söhbət yarana bilər, lakin rəsmi şəxslər Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi göz bəbəyi kimi qorumalıdırlar.

Çünki bu strategiya təkcə iki ölkə ilə məhdudlaşmır. Bu, Türk dövlətlərinin ümumi strategiyası olmalıdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlər, Şuşa Bəyannaməsi və digər sənədlər həmin strategiyanın təməlini təşkil edir. Bu münasibətlərin əleyhinə getmək, əslində, dövlətlərin ortaq strategiyasına qarşı çıxmaq deməkdir.

Mən çox şadam ki, prezidentlərimiz – Azərbaycan və Türkiyə prezidentləri arasındakı şəxsi münasibətlər və dövlətlərimiz arasındakı əlaqələr bunu bir daha nümayiş etdirdi. Ümid edirəm ki, Azərbaycan Prezidenti Türkiyəyə gedəcək və orada bizi istəməyən qüvvələrə bu birliyi açıq şəkildə göstərəcək.

Son hadisələr və Türkiyə Prezidentinin müşavirinin vəzifəsindən azad edilməsi də onu göstərir ki, Türkiyə bu məsələnin mahiyyətini anlayır, Azərbaycanla münasibətlərinə göz bəbəyi kimi yanaşır və bu münasibətləri qoruyub saxlamaqda qərarlıdır”.

Xalidə Gəray

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az