Prezident İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi də ikitərəfli münasibətlərin iqtisadi potensialını yenidən gündəmə gətirir.
Məlumdur ki, Hindistanın artan iqtisadi çəkisi, geniş daxili bazarı və yüksələn enerji tələbatı Azərbaycan üçün mühüm tərəfdaşlıq perspektivləri yaradır. Bununla belə, iki ölkə arasında ticarət dövriyyəsinin son illərdə kəskin azalması mövcud potensialdan tam istifadə edilmədiyini göstərir.
Bəs Hindistanla iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hansı imkanları yarada bilər və bu əməkdaşlığın qarşısında hansı maneələr dayanır?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, dünyanın ən sürətlə böyüyən iri iqtisadiyyatlarından biri olan Hindistanla əməkdaşlığın genişləndirilməsi ölkəmizə enerji ixracından tutmuş nəqliyyat-logistika, turizm və qeyri-neft sektorunadək bir sıra sahələrdə ciddi iqtisadi dividendlər qazandıra bilər: “Hindistanın ümumi daxili məhsulu 2015-ci ildəki 2,08 trilyon dollardan 2025-ci ildə 3,91 trilyon dollara yüksəlib. Bu, on il ərzində 88 faizlik nominal artım deməkdir. Beynəlxalq Valyuta Fondunun oktyabr proqnozuna görə, Hindistan iqtisadiyyatının 2026 və 2027-ci illərdə hər il real ifadədə 7 faiz böyüməsi gözlənilir. Müqayisə üçün, dünya iqtisadiyyatı üzrə 2026-cı il üçün artım proqnozu 3,1 faizdir. Geniş iqtisadi potensiala baxmayaraq, Azərbaycanla Hindistan arasındakı ticarət əlaqələri sabit inkişaf xətti nümayiş etdirmir. İki ölkənin ticarət dövriyyəsi 2005-ci ildəki 50 milyon dollardan 2023-cü ildə 1,435 milyard dollara yüksəlib. Həmin il Hindistan Azərbaycan neftinin üçüncü ən böyük ixrac bazarı olub. Lakin 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 72 faiz azalaraq 401 milyon dollara düşüb. Bunun 175 milyon dolları Azərbaycanın ixracının, 226 milyon dolları isə idxalının payına düşüb. İxracda əsas yeri yenə də neft tutub. Bu mənzərə iqtisadi əlaqələrin potensialının böyük, lakin ticarət strukturunun hələ də məhdud olduğunu göstərir”.
İqtisadçı qeyd edib ki, Hindistanın artan enerji tələbatı, Yaxın Şərqdəki gərginlik və enerji təchizatı mənbələrinin şaxələndirilməsi siyasəti Azərbaycan üçün əlavə imkanlar yarada bilər: “Əməkdaşlığın yalnız neft tədarükü ilə məhdudlaşmaması da vacibdir. Hindistanın ONGC Videsh şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə bağlı layihələrə 1,2 milyard dollardan çox sərmayə yatırıb. Hindistan kapitalının yeni layihələrə cəlb olunması enerji sektorunda mövcud tərəfdaşlığın daha da genişləndirilməsi üçün zəmin yarada bilər”.
Eldəniz Əmirov həmçimon qeyd edib ki, 2025-ci ildə Azərbaycana Hindistandan 166 944 turist gəlib və Hindistan turistlərin sayına görə ölkələr arasında dördüncü yeri tutub: “Bu göstərici Hindistan bazarının Azərbaycan turizmi üçün əhəmiyyətini ortaya qoyur. Turizm əlaqələrinin genişləndirilməsi xidmət sektorunun gəlirlərini artırmaqla yanaşı, aviasiya, hotelçilik, ictimai iaşə və digər sahələrə də müsbət təsir göstərə bilər”.
İqtisadçının fikrincə, Azərbaycan–Hindistan əməkdaşlığının ən mühüm strateji istiqamətlərindən biri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir: “Rusiya, İran və Hindistanın təşəbbüsü ilə formalaşan layihəyə Azərbaycan 2005-ci ildə qoşulub. Dəhliz Hindistan və Fars körfəzi istiqamətindən gələn yüklərin İran, Azərbaycan və Rusiya üzərindən digər bazarlara çatdırılması üçün alternativ marşrut yaradır. Azərbaycanın həm İran, həm də Rusiya ilə quru sərhədinə malik olması, eləcə də mövcud nəqliyyat infrastrukturu ölkəmizə bu marşrutda mühüm tranzit mövqeyi qazandırır. Hindistanın İranın Çabahar limanına marağı da regionda ticarət yollarının şaxələndirilməsi strategiyası ilə bağlıdır. 2024-cü ildə imzalanmış 10 illik müqavilə çərçivəsində 120 milyon dollarlıq maliyyə öhdəliyi və 250 milyon dollarlıq kredit xətti nəzərdə tutulub. Bu təşəbbüsün əsas məqsədlərindən biri Hindistanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiya bazarlarına çıxış imkanlarını genişləndirməkdir. Azərbaycanın bu marşrutlarla əlaqələndirilən ticarət axınlarında mühüm tranzit iştirakçısına çevrilməsi ölkənin logistika və nəqliyyat sektoruna əlavə gəlir gətirə bilər.
Şimal–Cənub dəhlizinin tam potensialının reallaşması üçün İran ərazisində 167 kilometrlik Rəşt–Astara dəmir yolu xəttinin tamamlanması da xüsusi əhəmiyyət daşıyır. Dəhlizlə bağlı hesablamalarda yüklərin daşınma müddətinin ənənəvi dəniz marşrutları ilə müqayisədə 45–60 gündən 20–25 günə qədər azaldılması potensialı göstərilir. Bu, marşrutun rəqabət qabiliyyətini artırmaqla yanaşı, Azərbaycan üzərindən yükdaşımaların həcminin yüksəlməsinə də şərait yarada bilər”.

Müsahibimizin sözlərinə görə, qeyd olunan imkanların reallaşması regional və beynəlxalq siyasi vəziyyətdən birbaşa asılıdır: “İran–İsrail qarşıdurması, Rusiya–Ukrayna müharibəsi və sanksiyalar nəqliyyat marşrutlarının fəaliyyətini, investisiya qərarlarını və ticarət əlaqələrini çətinləşdirən amillər sırasındadır. Münaqişələrin səngiməsi və regional münasibətlərin normallaşması isə Şimal–Cənub dəhlizinin iqtisadi əhəmiyyətini daha da artıra bilər. Azərbaycanın Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi infrastrukturları ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsində mühüm rol oynaya bilər”.
Xalidə Gəray
