Çərşənbə, 4 Noyabr 2026
Son dəqiqə
Sosial

Bakıda yol bağlanır, amma “müvəqqəti” narahatlıq bitmir

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”…

Yəqin ki, Bakının bir çox yerində bu cür məlumatlandırıcı lövhələrlə siz də rastlaşmısınız. Üzr istəmək mədəniyyəti təqdirəlayiqdir. Gözəl. Hətta adamın ürəyi açılır. Deməli, narahatlığımızın fərqində olanlar var.

Çirkin deməyək, amma pis olan budur ki, bu “müvəqqəti” gəlib ömrümüzə oturub. Nə özü gedir, nə də narahatlıq bitir. Elə bil, “müvəqqəti” sözü də Bakıda daimi qeydiyyata düşüb.

İş görən qurumlar bu müvəqqətiliyin hansı zaman vahidi ilə ölçüldüyünü də açıqlasalar, yaxşı olar. Günlərlə, aylarla, yoxsa illərlə? Bəlkə, bizim bilmədiyimiz yeni bir zaman vahidi kəşf olunub? Məsələn, bir müvəqqəti, iki müvəqqəti, yarım əsr…

Artıq bir aydan çoxdur ki, işə gələndə 8 Noyabr prospektinə çıxa bilmirəm. Yol bağlıdır. Elə mədəni şəkildə üzr istəyirlər ki, adam etiraz etməyə də utanır. Deyirsən, bu qədər nəzakətli üzrxahlığın qarşısında bir az da tıxacda qalmaq olar.

Amma məsələ burasındadır ki, o boyda hərəkətli prospektdən keçən avtomobil axını bu “müvəqqəti üzrün” əlində girinc qalıb. Maşınlar alternativ yollar axtarır, sürücülər əsəblərini cilovlayır, biz də hər səhər yeni marşrut kəşf edirik. Belə getsə, Bakının küçələrini naviqasiya proqramlarından yaxşı tanıyacağıq.

Hər gün yolum düşəndə baxıram ki, görüm briqada necə işləyir? Heç olmasa, işin tempinə baxıb özümüz üçün təxmini bir bitmə tarixi müəyyənləşdirək. Axı lövhədə yazılmayıbsa, vətəndaş da bir az müşahidə aparmalıdır.

Bıy… Nə görsəniz yaxşıdır?

O boyda hasara alınmış ərazidə bir nəfər işçi var. O da dərin düşüncələrə dalıb, harasa baxır. Əlində bir alət belə yoxdur. Bəlkə də, böyük layihənin fəlsəfi tərəflərini götür-qoy edir. Bəlkə, yolun gələcəyini düşünür. Bəlkə də, bizim kimi bu işin nə vaxt bitəcəyini anlamağa çalışır.

Adamın fikrini dağıtmağa da heyfin gəlir.

Amma etiraf edim ki, bu iş tempinə baxanda “müvəqqəti” sözünün gələcəyinə ciddi şübhələrim yaranır. Görünür, işin fiziki hissəsindən əvvəl mənəvi hazırlıq mərhələsi gedir.

İndi sual verə bilərsiniz ki, sən media nümayəndəsisən, niyə aidiyyəti quruma sorğu göndərib problemin səbəbini öyrənmirsən?

Öyrənəcəyəm. Hətta bu yazı dərc olunan kimi suallarımı da göndərəcəyəm. Amma məhz dərc olunandan sonra.

Niyəsini deyirəm, səbirli olun…

Bağışlayın, bu söhbəti bir az kənara qoyub başqa bir dərdimizi də danışmasaq, həmin “niyə” məsələsi sizə aydın olmayacaq.

Deməli, bu kimi problemlərlə rastlaşırıq, yaxud oxuculardan şikayət daxil olur. Biz də jurnalist olaraq aidiyyəti quruma sorğu göndəririk. Sual veririk, araşdırırıq, cavab gözləyirik.

Bir də baxırsan ki, sənin sualının cavabı başqa media orqanında dərc olunub.

Qalırsan məəttəl.

Deyirsən, ay müəllimlər, axı bu bizim sualımız idi?

Cavab verirlər ki, elə siz soruşmuşkən ümumi cavab hazırladıq, hamıya göndərdik.

Nə gözəl! Sən sual ver, başqaları cavab alsın. Sən araşdır, başqaları xəbər hazırlasın. Sən gözlə, başqaları dərc etsin. Əsl kollektiv jurnalistika nümunəsidir. Sadəcə, kollektivin bir üzvünün bundan xəbəri yoxdur.

Birincisi, çox nahaq etmisiniz!

Bir media orqanının özəl material hazırlamaq haqqı var. Bunun üçün vaxt sərf edir, mövzu axtarır, sual hazırlayır. Hansısa qurumun mətbuat xidmətinin bu təşəbbüsü ümumi paylama kampaniyasına çevirməsi nə dərəcədə doğrudur?

İkincisi, yaxşı, tutaq ki, sual o qədər maraqlıdır ki, cavabı bütün mediaya göndərmək qərarına gəlmisiniz. Bəs həmin sualı verən jurnalist niyə cavabı ən axırda almalıdır?

Məlum olur ki, bəzi qurumların mətbuat xidmətlərində cavablandırma ardıcıllığı sualın verilmə tarixinə görə yox, dostluq münasibətlərinə əsasən müəyyənləşir.

Yəni sən sorğunu birinci göndərirsən, amma cavabı sonuncu alırsan. Çünki növbə prinsipi bir az fərqlidir. Burada növbəyə suallar yox, münasibətlər düzülür.

Sənin sualının cavabı bütün Azərbaycan mediasında dərc ediləndən sonra sənə də göndərilir. Buyur, sən də xəbər yaz. Düzdür, artıq xəbər köhnəlib, amma olsun. Əsas odur ki, cavabsız qalmamısan.

Bax, ona görə də bu dəfə sorğunu materialın dərcindən sonraya saxladım.

İndi hansısa “üstün zəkalı” çıxıb mənə jurnalistikanın peşə qaydalarından dərs keçməyə cəhd etməsin. Biz də bilirik ki, problem barədə yazı hazırlanarkən aidiyyəti qurumun mövqeyi öyrənilməli, cavabı da materialda əksini tapmalıdır.

Amma bəzi mətbuat katiblərinin tətbiq etdiyi yeni “standartlar” bizə öz peşə qaydalarımıza əməl etməkdə əməlli-başlı mane olur.

Ən maraqlısı da budur ki, mətbuat katibinin əsas vəzifələrindən biri media ilə əlaqələri düzgün qurmaqdır. Bizdə isə bəzən elə mənzərə yaranır ki, jurnalist mətbuat katibindən məlumat almaq üçün əvvəlcə onun dostluq siyahısına düşməlidir.

Görünür, bəzi qurumlarda informasiya da yol təmiri kimidir: hərəkət var, amma hamı üçün açıq deyil.

Ümid edirəm ki, yeni mətbuat katiblərinin gətirdiyi bu qəribə qaydalar da Bakı küçələrindəki məlumatlandırıcı lövhələrdə yazıldığı kimi müvəqqətidir.

Hərçənd, artıq “müvəqqəti” sözünə əvvəlki qədər etibar etmirəm.

Yenə də ümidimi üzmürəm. Axı “müvəqqəti” sözü özü adama ümid verir.

Hətta bu ümidin gerçəkləşmək fikri olmasa belə…

Telegram kanalımıza qoşulunKanala abunə ol · @bulleten_az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Telegram kanalımıza qoşulun

Ən son xəbərlər, eksklüziv məlumatlar və təcili yenilənmələr birbaşa telefonunuzda.

Kanala abunə ol · @bulleten_az