Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
APA xəbər verir ki, iclasda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Baş nazir Ə.Əsədov ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin həlledici rol oynadığını bildirib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfəri, həmçinin Gürcüstan Baş nazirinin may ayında Azərbaycana baş tutmuş səfəri zamanı əldə edilmiş razılaşmaların iki ölkə arasında əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləyərək müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə təkan verdiyi diqqətə çatdırılıb.
Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla vurğulanıb.
Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası yüksək qiymətləndirilib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, cari ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artaraq ötən ilin ümumi göstəricisini üstələyib və 1 milyard ABŞ dollara yaxınlaşıb.
İnvestisiya sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğu bildirilib.
Birgə investisiya layihələrinin həyata keçirilməsində müsbət dinamikanın müşahidə olunduğu vurğulanaraq, Azərbaycan investoru tərəfindən Tbilisidə reallaşdırılan yeni hotel layihəsinin açılışı bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirilib.
Energetika sahəsinin Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilmiş irimiqyaslı enerji layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib. Elektroenergetika sahəsində də qarşılıqlı fəaliyyətin uğurla davam etdiyi vurğulanıb. Cari ilin iyul ayında Gürcüstanın enerji sistemində baş vermiş böhran ilə əlaqədar Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycanın operativ dəstək göstərdiyi diqqətə çatdırılıb.
Bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dəhlizin yaradılması istiqamətində aparılan işlərin əhəmiyyəti vurğulanıb.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələləri də iclasın əsas müzakirə mövzularından olub. Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaşlar olduğu, xüsusilə Orta Dəhlizin rəqabət qabiliyyətinin və tranzit potensialının artırılması istiqamətində birgə səylərin önəmi qeyd edilib.
Nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri də nəzərdən keçirilib. Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu (Ağstafa) – Abreşumis Qza (Qardabani)” birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti vurğulanıb. Layihənin praktiki həyata keçirilməsinə dair iclas çərçivəsində imzalanması nəzərdə tutulan sənədin müvafiq işlərin sürətləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. İclas çərçivəsində bitki karantini və mühafizəsi, eləcə də baytarlıq sahələrində imzalanacaq ikitərəfli sənədlərin müvafiq nəzarət prosedurlarının sadələşdirilməsinə, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin artırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.
İclasda ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadə məsələlərinə də toxunulub. Kür çayı hövzəsinin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, transsərhəd su ehtiyatlarının mühafizəsi, çirklənməsinin qarşısının alınması və davamlı idarə olunması sahəsində birgə səylərin artırılmasının vacibliyi qeyd edilib.
Mədəni-humanitar əməkdaşlığın Azərbaycan-Gürcüstan münasibətlərinin mühüm tərkib hissəsi olduğu bildirilib. Xalqlar arasında tarixi dostluq əlaqələrinin qorunub saxlanılmasında və inkişafında mədəniyyət, təhsil və humanitar sahələr üzrə qarşılıqlı fəaliyyətin xüsusi rolu vurğulanıb.
Nümayəndə heyətləri üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolunu imzaladılar.
