Milli Məclisdə 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.
Lent.az xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.
Bəyanatda deyilir:
“2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın, Ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib.
Keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib.
Azərbaycan Prezidentinin strateji baxışı, siyasi iradəsi, hərbi, diplomatik və informasiya sahələrində fəaliyyəti milli gücümüzü vahid hədəfə yönəltməyə imkan verib.
Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə hörmətlə yanaşaraq birbaşa dialoqa dəstək verməlidir. Bu gün azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət və əhalinin rifahı üçün zəruri şərait təmin olunur. Soydaşlarımız ata-baba yurdlarına qovuşurlar”.
Müzakirələrdən sonra bəyanat qəbul edilib.
