Çexiyanın Çeski Brod şəhəri yaxınlığında yerləşən “Liblitse B” adlı iki radio qülləsi idarə olunan partlayışla sökülüb. 1976-cı ildə inşa edilən qüllələrin hər birinin hündürlüyü 355 metr olub. Bu göstərici ilə onlar Eyfel qülləsini də geridə qoyub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qüllələr təxminən 50 il ərzində Çexiyanın ən hündür tikililəri sayılıb.
Vaxtilə Mərkəzi Avropanın ən güclü orta dalğalı radioyayım sistemlərindən biri burada fəaliyyət göstərib. Vericinin gücü 1,5 meqavat olub.
Qüllələrdə elektriklə deyil, daxiliyanma mühərriki ilə işləyən xidməti liftlərdən istifadə edilib. Texniki işçilərin ən yuxarı nöqtəyə qalxması təxminən 45 dəqiqə çəkib.
Qüllələr təxminən 10 saniyəyə yerə çöküb
Qüllələrə cavabdeh olan “Ceske Radiokomunikace” şirkəti təhlükəsizlik səbəbindən söküntünün dəqiq vaxtını əvvəlcədən açıqlamayıb. Yalnız partlayış günü prosesin saat 11:00-12:00 arasında baş tutacağı bildirilib.
Hadisəni izləmək üçün əraziyə yüzlərlə insan toplaşıb. Onlar özləri ilə mobil telefon, durbin və qatlanan stullar gətiriblər. Ərazidə təhlükəsizlik zolağı yaradılıb.
Saat 11:15-də hər iki qüllə eyni anda partladılıb. Onların yerə çökməsi təxminən 10 saniyə çəkib.
Radio qüllələri niyə sökülüb?
Söküntünün səbəbi müasir texnologiyaların inkişafı və qüllələrin yenilənməsinə tələb olunan böyük xərc olub. Peyk rabitəsi və fiber-optik şəbəkələrin genişlənməsi ilə belə radio qüllələrinə tələbat azalıb.
Şirkətin hesablamalarına görə, konstruksiyaların müasirləşdirilməsi təxminən 170 milyon Çexiya kronuna başa gələcəkdi.
Çexiyanın ən hündür tikilisi artıq “Kraşov”dur
“Liblitse B” qüllələrinin sökülməsindən sonra ölkənin ən hündür tikilisi adı Plzen diyarında yerləşən “Kraşov” verici qülləsinə keçib.
Çexiyanın qərb hissəsini televiziya və radio siqnalı ilə təmin edən bu tikilinin hündürlüyü 347,5 metrdir. Bu isə sökülən qüllələrdən 7,5 metr azdır.
